16-17 noyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən keçirilən xüsusi təhlükəli xəstəliklər üzrə böhran vəziyyətinin idarə olunması üçün ixtisaslaşmış əməliyyat qruplarının assosiativ-simulyasiya təlimi barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) rəsmi saytında məlumat dərc olunub.
Məlumatda qeyd edilib ki, simulyasiya barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev tərəfindən məlumat verilib. Həmçinin bildirilib ki, simulyativ təlimin keçirilməsində məqsəd yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəlikləri baş verdiyi halda, ölkədə böhran vəziyyətinin idarə olunmasından və buna hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
Təşkilatın rəsmi saytında simulyasiya təlimində yüksək patogen quş qripi, dabaq və quduzluq xəstəlikləri ilə bağlı şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılmasının, eləcə də bu sahədə fəaliyyət göstərən kadrların peşəkarlığının artırılmasının əsas hədəf olaraq müəyyən edildiyi də vurğulanıb.